Ümumi məlumat
FATF ƏL/TMM sahəsində ölkədaxili və beynəlxalq səviyyədə strategiyaların hazırlanması və təbliğini həyata keçirən hökumətlərarası bir qurumdur. FATF 1989-cu ildə «Böyük Yeddilik Dövlətləri (G–7) » nin Paris zirvə toplantısında yaradılmışdır.
Hazırda FATF-ın 39 üzvü vardır ki, onlardan 37-i dövlət və ya ərazi, 2-si isə regional təşkilatdır.
Missiyası
FATF ƏL/TM-ə qarşı fəaliyyət üzrə beynəlxalq standartları müəyyən edir, bu standartların üzv ölkələr tərəfindən tətbiqini müstəqil surətdə qiymətləndirir və dövlətlər üçün icrası məcburi xarakter daşıyan qərarlar qəbul edir. FATF üzv ölkələr tərəfindən zəruri tədbirlərin görülməsi istiqamətində əldə edilən irəliləyişlərə nəzarət edir, ƏL/TMM sahəsində metodları nəzərdən keçirir, bütün dünyada müvafiq tədbirlərin qəbulu və tətbiqini təbliğ edir, ƏL/TM-ə qarşı mübarizədə iştirak edən digər beynəlxalq qurumlarla əməkdaşlıq edir.
Tövsiyələri
FATF 1990-cı ilin aprel ayında pulların leqallaşdırılmasına qarşı ətraflı fəaliyyət planı kimi çıxış edən 40 Tövsiyəni özündə əks etdirən hesabat təqdim etmişdir. 2001-ci ildə terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair standartların hazırlanması FATF-ın missiyasına əlavə edilmişdir. Həmin ilin oktyabr ayında terrorçuluğun maliyyələşdirilməsində qarşı mübarizəyə dair Səkkiz Xüsusi Tövsiyə hazırlanmış və qəbul edilmişdir. 2004-cü ilin oktyabr ayında pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair Səkkiz Xüsusi Tövsiyəyə daha bir Tövsiyə əlavə edilmiş və FATF-ın Tövsiyələri 40+9 Tövsiyələri adı altında müəyyən edilmişdir. 2012-ci ilin fevral ayında FATF Tövsiyələrinə yenidən baxılmış və 40 Tövsiyə müəyyən edilmişdir (FATF-ın Tövsiyələri ilə burada tanış ola bilərsiniz: http://www.fiu.az/uploads/content/docs/international_documents/fatf_standartlari.pdf).
Azərbaycanla əməkdaşlıq
Azərbaycan Respublikasında ƏL/TM-lə effektiv mübarizə sisteminin formalaşdırılması baxımından, bu sahə üzrə fəaliyyətin beynəlxalq standartlarını müəyyən edən beynəlxalq təşkilat kimi FATF-la əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
FATF-ın 2010-cu il fevral ayında keçirilən plenar iclasından sonra yayımlanan ictimai bəyanatında Azərbaycanda ƏL/TMM üzrə milli qanunvericiliyin FATF-la əməkdaşlıq çərçivəsində bəzi məqamlar üzrə təkmilləşdirilməsi tövsiyə edilmişdi. Göstərilən tövsiyələrə uyğun olaraq ƏL/TMM üzrə milli qanunvericiliyin FATF-ın standartlarına uyğunlaşdırılmasını təmin etmək məqsədilə 2010-cu ilin mart ayında yeni qanun qəbul olundu.
FATF-ın 2010-cu ilin iyun ayında keçirilmiş plenar iclasında ƏL/TMM sisteminin inkişafı ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən irəli sürülmüş tövsiyələrin icrası istiqamətində aparılmış islahatların və fəaliyyətlərin nəticələri ilə əyani şəkildə tanış olmaq üçün Azərbaycana müvafiq qiymətləndirmə missiyasının göndərilməsi barədə də qərar qəbul edildi.
Missiyanın Azərbaycana səfəri 2010-cu ilin 7-8 sentyabr tarixlərində reallaşdırıldı. Missiya ölkədə ƏL/TMM sisteminin inkişafı, o cümlədən Maliyyə Monitorinqi Xidmətinin fəaliyyəti ilə əyani surətdə tanış olmuş və aidiyyəti dövlət orqanları ilə birbaşa müzakirələr aparmışdır. Missiyanın səfəri nəticəsində Azərbaycanla bağlı müsbət hesabat hazırlanaraq FATF-a təqdim edilib.